|
9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi
4-cü Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi
Foto-reliz
AITF 2010 sərgisində yaz-yay turizm mövsümünün açılışı!
Heydər Əliyev adına İdman və Konsert Kompleksində 9-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi öz işinə başladı. “AITF 2010” sərgisi ilə paralel olaraq 1-ci Regional Turizm sərgisi keçirilir.
Sərginin keçirilməsinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi fəal dəstək göstərir. Sözügedən tədbirə həmçinin Dünya Turizm Təşkilatı (UNWTO), Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən rəsmi olaraq dəstək verilir.
“AITF 2010” sərgisi ölkənin sərgi sənayesi tarixinə turizm sektorunun uğurlu inkişafının yeni mərhələsi kimi daxil olacaq. İlk dəfə olaraq, sözügedən sərgini Prezident İlham Əliyev ziyarət etdi və bu, sərginin statusunu əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, bütün sərgi iştirakçılarının yaddaşında parlaq bir hadisə kimi qalmasına səbəb oldu. Sərgidə dövlət başçısı ölkənin getdikcə genişlənən turizm potensialını – Azərbaycan üzrə son dərəcə maraqlı istiqamətləri əks etdirən respublikanın regional stendlərinə də baş çəkdi. Ölkə prezidenti Azərbaycanı öz turizm təklifləri ilə maraqlandırmağa səy göstərən Türkiyə, Yunanıstan, Hindistan və digər xarici dövlətlərin ekspozisiyaları ilə də yaxından tanış oldu.
Sərgidə yüksək vəzifəli şəxslər iştirak etmişlər. Belə ki, sərgini Stavropol diyarının qubernatoru Valeri Qayevski, Gürcüstan Mədəniyyət və Turizm Nazirliyinin İdarə etmə katibi, Hindistan turizm təşkilatının rəhbəri, Gürcüstan, Hindistan, Türkiyə, Rusiya və digər sərgidə iştirak edən ölkələrin diplomatik korpuslarının nümayəndələri ziyarət etmişlər.
Bu il Türkiyə Respublikası sərgidə fəal iştirak edir və ilk dəfə olaraq “AITF 2010” sərgisində tərəfdaş ölkə qismində çıxış edir. Türkiyə stendində milli rəqslər, mahnılar və digər əyləncəli proqramlar təqdim olunub. Bundan əlavə, həmişə olduğu kimi, şirkətlər öz stendlərində turizm putyovkaları və güzəştli aviabiletlər üzrə lotereyalar təşkil edəcəklər. Doktor Aytəkin Yılmaz, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və informasiya işləri üzrə müşaviri qeyd etdi: “Qafqaz və Mərkəzi Asiya regionları bizim ölkənin turizm imkanlarının təqdim olunması nöqteyi-nəzərindən çox mühüm və perspektivli sayılır. Əlbəttə ki, Azərbaycan bu baxımdan daha sərfəli və stabil tərəfdaşdır. Məhz buna görə də, biz ikinci ildir ki, mütəşəkkil surətdə “AITF” sərgisində iştirak edirik. Bu il isə biz ilk dəfə sərgidə tərəfdaş ölkə qismində çıxış edirik”.
“Sərgini ziyarət et – dünyanı kəşf et!” şüarı altında keçirilən sərginin uğurunu və əhəmiyyətini onun müsbət dinamikası bir daha təsdiq edir. Belə ki, sərginin ümumi ekspozisiya sahəsi 20% artıb və sərgidə dünyanın 24 ölkəsindən 179 şirkət iştirak edir. Bu gün sərgidə 33 turizm marşrutu təqdim olunur. Onların arasında Avstriya, Belarus, Vyetnam, Almaniya, İtaliya, Kamboca, Kipr, Çin, Latviya, Litva, Rusiya, Sinqapur, Sloveniya, Ukrayna, Fransa, İsveçrə, Estoniya və digər ölkələr var. 14 ölkə sərgidə öz milli stendləri ilə çıxış edirlər. Bu ölkələr arasında həm “AITF” sərgisinin Azərbaycan, Yunanıstan, Gürcüstan, Malayziya, Türkiyə, Özbəkistan, Çexiya kimi daimi iştirakçıları, həm də bu ilin debütantları – Misir, Hindistan, İtaliya (Latsio, Roma regionları), Mavriki adaları, BƏƏ və Rusiya kimi ölkələr var.
Yerli turizm biznesini təmsil edən ekspozisiyaların, o cümlədən Azərbaycanın əksər regionları üzrə turizm potensialının kifayət qədər geniş təqdimat olunmasını qeyd etmək lazımdır. Sərginin keçirilməsinə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəal dəstək verilir.
Sərgi ilə paralel keçirilən dolğun tədbirlər proqramına seminarlar, təqdimat mərasimləri, mükafata lotereyaları daxildir. Belə ki, “Biz Dubaya gedirik!”, “İsrailə turlar. Qırmız, Aralıq, Ölü dəniz kurortlarında istirahətin təşkili” kimi mövzular ətrafında seminarlar keçiriləcək. Yunanıstanın milli stendində 12 iyun tarixində istifadəyə veriləcək yeni Bakı-Krit reysinin təqdimatı keçirilmişdir. Hindistanın milli stendində rəngərəng folklor proqramı təqdim olunmuşdur.
“AITF 2010” sərgisi ilə yanaşı mehmanxanalar, restoranlar və supermarketlər üçün kompleks avadanlıqlar, mətbəx avadanlıqları, ticarət köşkləri, tez qidalanma sistemləri, mehmanxana və restoranlar üçün mebel və bir çox digər avadanlıqlar təqdim edən “HOREX 2010” 4-cü Qafqaz Beynəlxalq
Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgisi keçirilir. Sözügedən sektorun peşəkarlarının illik görüşləri və tərəfdaş münasibətləri qurmaq imkanları axtaran hər bir iş adamı üçün bu sərgi regionda yeganə bir məkandır. “HOREX” sərgisində “National”, “Tolkar”, “Zanussi”, “Electrolux”, “Ratondi”, “Scotshmann”, “Winterhalter” və bir çox digər tanınmış ticarət nişanları ilə yaxından tanış olmaq mümkündür.
Sərgilər aprel ayının 30-na qədər davam edəcəklər.
|