Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Bütün video xəbərlər ...

AITF 2016 DailyNews

15-ci Yubiley Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisi

AITF, 15 illik yubiley mübarək olsun!

7 aprel tarixində Bakı Ekspo Mərkəzində turizm biznesinin peşəkarları üçün nəzərdə tutulmuş aparıcı tədbir olan 15-ci Yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2016” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açacaq. Keçirildiyi illər ərzində “AITF” sərgisi dünyanın 40-dan çox ölkəsindən təxminən 2200 şirkəti bir araya toplayaraq, bütün Xəzəryanı regionda mühüm görüşlərin keçirildiyi və tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi turizm sənayesinin qovşağına (“hub”) çevrilmişdir.

“AITF 2016” sərgisinin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə keçirildiyini, 15 il ərzində regionun ən böyük və əhəmiyyətli tədbirinə çevrildiyini vurğulayıb. Onu da qeyd etmək lazımdır ki, dünyada iqtisadi böhranın hökm sürdüyü bir vaxtda, ölkəmizdə turizm sektoru inkişaf etməkdədir və sevindirici haldır ki, Azərbaycan ən populyar turizm istiqamətləri arasında 36-cı yeri tutur. 10 il ərzində Azərbaycanı ziyarət edən turistlərin sayı 5 dəfə artıb və iki milli turizm proqramı uğurla həyata keçirilib, hazırda isə turizmin inkişaf strategiyası və turizm qanunu işlənib hazırlanmaqdadır.

Dubay, Almaniya, Rusiya və Türkiyədəki turizm nümayəndəlikləri sayəsində Azərbaycan dünyada sabit, qonaqpərvər və qapıları bütün xalqlar üçün açıq olan xoşməramlı ölkə kimi daha çox tanınır. Çoxsaylı beynəlxalq tədbirlər, o cümlədən “AITF” sərgisi də bunu sübut edir.


“ITE Group Plc.” şirkətinin regional direktoru cənab Edvard Stroon öz çıxışında dəyərli dəstəyinə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edərək, sərginin statistikasını səsləndirib. Belə ki, yubiley “AITF” sərgisi dünyanın 28 ölkəsindən 330 şirkəti bir araya toplayaraq, ümumilikdə 80 turizm istiqamətini təqdim edib.

Sərgi Azərbaycanın zəngin turizm potensialını əyani şəkildə iştirakçılara təqdim etməklə yanaşı, turizm sektorunun gələcək inkişaf strategiyasını da yaxından əks etdirir.

Bolqarıstan, Gürcüstan, Dominikan Respublikası, Hindistan, İndoneziya, İran, İspaniya, Serbiya, Tailand, Türkiyə, Xorvatiya, Monteneqro, Çexiya və Ukrayna sərgidə milli pavilyonları üçün yer bron ediblər. İlk dəfə olaraq, Belarus öz milli stendi ilə bu ölkələrin sırasına qoşulub. Bu il Rusiya Federasiyası Stavropol Əyaləti Mədəniyyət Nazirliyinin kuratorluğu altında Stavropol Əyaləti, İspaniyanın Katalonya bölgəsi və Latviyanın Yurmala şəhəri ayrıca regional stendlərlə iştirak edirlər. Sərginin builki iştirakçıları arasında beynəlxalq assosiasiyalar, ticarət və sənaye palataları, eləcədə dövlət müəssisələri, o cümlədən İndoneziya və Türkiyənin Azərbaycanda akkreditasiya olunmuş səfirlikləri, Latviya Otel və Restoranlar Assosiasiyası, Türkiyə Otellər Assosiasiyası “TUROB”, Türkiyə Səyahət Agentlikləri Assosiasiyası “TURSAB”, Türkiyənin Manavqat Ticarət və Sənaye Palatası, Latviyanın Turizmin İnkişafı üzrə Riqa Bürosu, eləcə də Türkiyənin Bursa, Konya, Ərzurum və Trabzon şəhərlərinin bələdiyyələri yer alır. Bu il sərgi debütantları tədbir iştirakçılarının ümumi sayının 33%-ni təşkil edirlər və onların arasında Belarus, İtaliya, İordaniya, Malayziya, Türkiyə, Monteneqro və digər ölkələri təmsil edən şirkət və otellər var. “Tibbi turizm və Sağlamlıq turizmi” istiqamətini təmsil edən iştirakçıların sayı əhəmiyyətli dərəcədə artmışdır.

Daxili turizm Azərbaycanda əsas təmayül olaraq qalır və sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendi, eləcə də ölkənin Qax, Qəbələ və s. bu kimi regionlarının ənənəvi ekspozisiyası Azərbaycanın daxili turizm potensialını təqdim edəcək. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin stendində isə Naxçıvanın unikal təbiəti, tarixi yerləri, o cümlədən mehmanxana və müalicə mərkəzləri təqdim olunacaq. Qarabağ regionunun gözəlliyini və turizm imkanlarını nümayiş etdirən Qarabağ stendi sərginin ənənəvi iştirakçısıdır. Azərbaycanın 20-dən artıq turizm şirkətini, eləcə də otel və sanatoriyalarını öz stendinə bir araya gətirən Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təklifləri əks etdirəcək.

Bakı “Formula 1” Avropa “Qran Pri” (“Formula 1 Baku European Grand Prix”) yarışının sərgidəki ayrıca stendində bu yarışların proqramı haqqında, eləcə də hamının səbirsizliklə gözlədiyi və 2016-cı ildə Bakı şəhərində keçiriləcək “Formula-1” kateqoriyalı Avropa “Qran Pri” yarışlarına biletləri harada və necə əldə etmək lazım olduğuna dair bütün məlumatlar təqdim edilir.

Təşkilatçılar sərginin 15 illik yubileyi münasibəti ilə xüsusi əlavə tədbirlər proqramı hazırlayıblar. Proqramın əsas tədbiri - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə həyata keçirilən layihənin məqsədi Azərbaycanın tarixini və milli koloritini əks etdirən ənənəvi incəsənət növlərinin nümayiş etdirilməsidir. Belə ki, sərginin keçiriləcəyi bütün günlər ərzində kompleksin foyesində yerləşən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin stendində milli tətbiqi-dekorativ sənətin dörd növü – keramika, batika, zərgərlik və ağac üzərində bədii oyma sənətləri təqdim olunacaq. Hər bir ziyarətçi Bakı Ekspo Mərkəzində yerləşdirilmiş geniş parçanın üzərində yubiley sərgi barədə təəssüratlarını qeyd edə bilər.

Yubiley sərgini fərqləndirən cəhət isə odur ki, sərginin ikinci günündə təşkilatçılar ilk dəfə olaraq tədbir çərçivəsində “vorkşop” keçirəcəklər. Bu “vorkşop”  Bakı Ekspo Mərkəzində təşkil olunacaq və iştirakçılar əvvəlcədən planlaşdırılmış görüş çərçivəsində aparıcı yerli turizm şirkətləri ilə işgüzar münasibətlər qurmaq və vasitəçilərsiz birbaşa danışıqlar aparmaq, eləcə də bu və ya digər turizm məhsulunun bazarda necə qəbul ediləcəyinə dair real fikirləri öyrənmək imkanını əldə edəcəklər.

Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər



bizə qoşulun!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
AITF İLƏ BİRLİKDƏ
horex
VALYUTA MƏZƏNNƏSİ
  29/07/2016 30/07/2016
USD 1.5819 1.5851
EUR 1.7512 1.7564
GBP 2.0843 2.0893
RUR 0.0240 0.0238
HAVA



      AITF is Copyright © 2000-2016 Bütün hüquqlar qorunur. Hosted by VebTek